Yay məktəbləri

Xaricdə yay dil kursları

Müasir dövrdə xarici dil bacarıqları uğurlu karyera qurmağın ən vacib faktorlarındandır. Eyni zamanda artıq sürətlə inkişaf edən sosial cəmiyyət anlayışı sayəsində ətrafımızda peyda olan fərqli ölkə nümayəndələri ilə ünsiyyət qurarkən dil bilikləri ön plana çıxır. İstər şəxsi, istərsə də karyera həyatının inkişaf yolları məhz bu məqamdan asılıdır desək yanılmarıq. Dil öyrənməyin ən effektiv və sürətli yolu isə həmin dilin danışıldığı ölkələrdə yaşayaraq dili mənimsəməkdir. Bəzi hallarda maddi çətinliklər maneə kimi görünsə də, məlumat üçün qeyd edək ki, bir çox ölkələrdə təqaüdlü dil kurslarına qoşulmaq da mümkündür. Bu dəfəki məqaləmizdə bu kurslar haqqında məlumat verəcəyik. 

Xaricdə dil kurslarına qoşulmağın üstünlükləri nələrdir?

Yuxarıda qeyd etdiyimiz kimi, xarici ölkədə yaşayaraq dil öyrənmək daha effektivdir. Eyni zamanda fərqli təcrübələri, yeni mədəniyyətləri dəyərləndirmək baxımından da uğurlu seçimdir. Ümumiyyətlə fərqli bir ölkədə təhsil təcrübəsini sınaqdan keçirmək, yeni bacarıqlar qazanmaq bütün ekspertlər tərəfindən şiddətlə tövsiyə olunur. Adətən bu kimi dil proqramları bir neçə aylıq müddəti və əsasən yay aylarını əhatə edir. Yay aylarının tətil dövrü olduğunu nəzərə alsaq tələbələr, abituriyentlər yaxud da bu istiqamətdə yenilikləri sınaqdan keçirmək istəyənlər üçün maraqlı, əyləncəli və faydalı təcrübədir. 

  • Sürətli dil öyrənmək imkanı
  • Yeni dostlar qazanmaq fürsəti
  • Fərqli mədəniyyətlərlə tanışlıq
  • Yeni karyera fürsətlərini dəyərləndirmək imkanları
  • Şəxsi inkişaf
  • Beynəlxalq sertifikat əldə etmək şansı və s.

Yay aylarında dəyərləndirmək üçün xaricdə hansı dil öyrənmək proqramları var?

Günlər uzandıqca, səhərlərin daha enerjili, pozitiv başladığı, günəşin daha çox parladığı yay günləri yeni macəralara başlamaq üçün əsl fürsətdir. Əgər yeni dil öyrənmək və ya dil biliklərinizi artırmaq planlarınız varsa, xaricdə dil kurslarına yazılmaqla bu yayı unudulmaz keçirə bilərsiniz. Xaricdə yay dil kursu bütün üstünlükləri ilə yanaşı, özünə inam səviyyənizi artıracaq, üfüqlərinizi genişləndirəcək və unudulmaz xatirələr qazanmağınızı stimullaşdıracaq əsl fürsətdir. Gəlin, müxtəlif ölkələrdə mövcud olan dil kursları proqramlarıyla tanış olaq.

DAAD – Almaniya

Maraqlıdır

DAAD( Deutscher Akademischer Austauschdienst) alman dilini öyrənmək, Almaniyada yeni dostlar qazanmaq istəyənlər üçün nəzərdə tutulan unikal təqaüd proqramlarından biridir. Adətən iyul və aqvust aylarını əhatə edən bu proqramdan  bakalav pilləsi üzrə II və III kurs, magistr pilləsi üzrə isə I kurs tələbələri yararlana bilər. Kurs seçimi zamanı bir çox məqamlara diqqət yetirmək lazımdır ki, bunlardan biri də, müraciət etdiyiniz kursun sizə yataqxana təklif edib-etməməsidir. Bəzi kurslar təklif etmir ki, bu Almaniyaya ilk dəfə gedənlər üçün bir qədər çətinlik yarada bilər. Odur ki, diqqətli şəkildə kurs seçdikdən sonra proqrama müraciətinizi həyata keçirə bilərsiniz. DAAD proqramının rəsmi saytına keçid edərək proqramın maliyyələşdiridyi kursların siyahısı ilə tanış ola bilərsiniz.

“Middlebury College Language Schools” – ABŞ

ABŞ-ın “Middlebury College Language Schools” proqramı əcnəbilər üçün əlverişli mühitdə xarici dillərə dərindən yiyələnmək imkanı yaradır. Mərkəz çin, ingilis, fransız, alman, ispan, koreya və s. olmaqla bir çox xarici dillərdə təqaüdlü dil öyrənmək proqramlarını əhatə edir. Hər bir dil üçün müraciət tarixləri fərqli olduğu üçün rəsmi saytda elan olunan məlumatları yaxından izləmək vacibdir. Eyni zamanda tələb olunan sənədlərin siyahısı da müvafiq saytda elan olunur.Qeyd edək ki, proqram xərclərin bir qismini əhatə edir.

“Institut de Français” fransız dili proqramı – Fransa

Fransada yerləşən “Institut de Français” universiteti yay aylarında intensiv fransız dili proqramları təklif edir. Dünyanın istənilən nöqtəsindən namizədlər fransız dilini öyrənmək üçün proqramdan yararlana bilər. Kurslarda işgüzar fransız dili, hüquqi fransız dili, tibbi fransız dili, turizm və s. kimi xüsusi istiqamətlərdə də dil bacarıqlarının inkişaf etdirilməsi həyata keçirilir. Tələbələr fransız dilini və mədəniyyətini araşdırmaq üçün intensiv dil kurslarında, mədəni fəaliyyətlərdə və ekskursiyalarda da iştirak edirlər. Ali təhsil ocağı onlayn dil tədrisi xidmətlərini də təklif edir. Müraciət etmək istədiyiniz ərəfədə rəsmi internet səhifəsinə keçid edərək şərtlər haqqında ətraflı məlumat ala bilərsiniz.

“Escuela Internacional” proqramı

İspan dili günümüzdə dünyada ən çox danışılan ikinci dildir. “Escuela Internacional” proqramı İspaniya və Latın Amerikasının müxtəlif şəhərlərində, o cümlədən İspaniya, Kosta Rika, Meksika və Peruda ispan dili proqramları təklif edir. Proqram tələbələrin ispan dili bacarıqlarını artırmaq və İspan mədəniyyətini kəşf etmək üçün intensiv dil dərslərini, mədəni fəaliyyətləri və ekskursiyaları əhatə edir.

“Goethe” institunun alman dili proqramı

“Goethe” institutu Almaniyanın müxtəlif bölgələrində alman dili üzrə yay kursları təklif edir. Proqram dli öyrənməyə yeni başlayanlardan tutmuş müxtəlif səviyyələrə çatan tələbələrin dili hərtərəfli şəkildə öyrənməsini, müxtəlif seminarlarda və ekskursiyalarda iştirakını təmin edir.

Hansı ölkələrdə münasib büdcəylə xarici dil öyrənmə proqramları var?

Xarici dil öyrənməyin ən effektiv yolu fərqli ölkədə müxtəlif kurslara, proqramlara qoşulmaqdır. Təbii ki, bu imkan hər zaman əlçatan olmaya bilər. Əksərən maddi sıxıntılar bu yolda əngəllər törədə bilər. Odur ki, sizin üçün xarici dil proqramlarının nisbətən münasib olduğu ölkələri araşdırıb təqdim edirik.

Malta

Malta ən ucuz dil təhsili təklif edən ölkələr siyahısında ilk sıralarda gəlir. St Julians ölkənin ən yaxşı dil məktəblərindən biridir. Bundan əlavə, Maltada AMLC, Easy, inlingua Malta, Ela Malta, lal-iels, Ace, ESE və EC və s. kimi ucuz qiymətlər təklif edən dil məktəbləri də var. Qiymətlər təqribən 600-720 avro səviyyəsində müəyyənləşir. 

İrlandiya

İrlandiya dil təhsilində ən ucuz qiymətlərlə xidmət göstərən ölkələrdən biridir. Ölkədə sərfəli qiymətlərlə Frances King, Eli, isi, Berlitz, ATC, Apollo, Atlas, Twin, Active, Delfin, IH, ISE, EMERALD, CES, EC, Kaplan Dublin kimi məktəblərdə dil təhsili ala bilərsiniz. Təhsil haqqı 150-250 avro olaraq müəyyən olunub. Ancaq bu məbləğ məktəbə görə dəyişir.

Böyük Britaniya 

Həyatımızın ayrılmaz parçasına çevriləmn ingilis dilinə Böyük Britaniyada mükəmməl formada yiyələnə bilərsiniz. Minimum halda sizdən ödəniş üçün 728 Britaniya funt sterlinqi tələb olunacaq.

Qiymətlər ölkədə nə qədər müddət təhsil almağınızdan asılı olaraq dəyişir.

  • 4 həftə – 728 Britaniya funt sterlinqi
  • 8 həftə – 1400 Britaniya funt sterlinqi
  • 12 həftə – 1872 Britaniya funt sterlinqi
  • 24 həftə 2580 Britaniya funt sterlinqi

Məktəb üçün qeydiyyat haqqı: 120 Britaniya funt sterlinqi

Yerləşdirmə haqqı: 30 Britaniya funt sterlinqi

ABŞ

Əgər siz ABŞ-da sərfəli qiymətlərlə dil təhsili almaq istəyirsinizsə, Nyu York, Boston, Çikaqo, San Fransisko, Los Anceles, San Dieqo

dil məktəblərinə müraciət etməlisiniz. Ən yaxşı ingilis aksentinə sahib olamq üçün ABŞ-ın münasib dil məktəblərini dəyərləndirə bilərsiniz.

  • 4 həftə – 1500 ABŞ dolları
  • 8 həftə – 2910 ABŞ dolları
  • 12 həftə – 4074 ABŞ dolları
  • 24 həftə – 7098 ABŞ dolları

Ümumi olaraq qeyd edək ki, gələcək hədəflərinizə uyğun xarici dil öyrənməyiniz faydalı olar. Bu həm zaman itkisinin qarşısını alaraq ən qısa zamanda dil bacarıqlarınızın təkmilləşməsini təmin edəcək. Yeni dil öyrənmək fərqli bacarıqları, mədəniyyətləri kəşf etməyi stimullaşdırır. Yeni dostlar qazanmağınızı, karyera yolunuzda uğur zirvələrini fəth etməyinizi təmin edir. Odur ki, zaman itirmədən bu istiqamətdə doğru hesab etdiyiniz bütün addımları atın. Yuxarıda qeyd olunan həmçinin internetdə axtarış edərək müxtəlif ölkələrdə mövcud olan proqramlardan, təqaüdlərdən də yararlana bilərsiniz.

Dünyada ən çox danışılan dil hansıdır?

Dünyada ən çox danışılan 3 dil bunlardır : ingilis, çin, hind

Xaricdə təqaüdlü xarici dil öyrənmək proqramları var?

Bəli var. Bunun üçün müxtəlif ölkələrə dair axtarışlar edərək, təqaüdü qarşılayan qurumların rəsmi saytlarına daxil olaraq məlumat ala bilərsiniz.

Xarici dil öyrənmək üçün ən ucuz kurslar haradadır?

Münasib qiymətlə dil proqramları təklif edən ölkələr bunlardır: Malta, İrlandiya, İngiltərə, ABŞ və s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button